“Trampın hakimiyyətinin 100-cü günündə görəcəklərimizdən Allah saxlasın”.
Bunu hafta.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, söhbət Trampın Rusiya və Ukrayna ilə bağlı dövlət siyasətini tərsinə çevirməsindən getmir. Ekspertin fikrincə, bu kəskin dəyişmə beynəlxalq hüququn norma və prinsipləri, habelə obyektivlik və ədalət normalarına tam zidd şəkildə həyata keçirilir:
“Tramp Rusiyanı dəstəkləyə, Ukraynaya yardımı dayandıra bilər. Ancaq bütün bunlar beynəlxalq hüququn normalarına uyğun edilməli və əsaslandırılmalı idi. Tramp dünyanın super dövlətinin adından danışanda Rusiya-Ukrayna müharibəsinin həllinə təcavüzün yolverilməzliyi, ərazi bütövlüyü, suverenlik və sərhədlərin zorla dəyişdirilməsinin qanunsuzluğu mövqeyindən çıxış etməli idi. Bunlar 2-ci dünya müharibəsindən sonra dünyanı az-çox düzən içində saxlaya bilmiş müqəddəs prinsiplər olub”.
A.Quliyev qeyd edib ki, fevralın 24-də BMT Baş Assambleyasında Ukraynanın təcavüzə məruz qalmasının 3-cü ildönümü ilə bağlı qətnamə müzakirəyə çıxarılacaq. Assambleyanın 193 üzv ölkəsinin 50-dən çoxu artıq həmin qətnamə layihəsinə həmmüəllif kimi imza atıb: “Orada belə bir hüquqi prosedur var. Hər hansı layihə yekun səsverməyə çıxarılmadan öncə ölkələr həmin layihənin keçərlilik gücünü artırmaq üçün ona həmmüəlliflik imzası atırlar. Layihənin həmmüəllifləri nə qədər çox olarsa, bu, onun uğur qazanacağına öncədən qarantiya vermiş olur. Təsəvvür edin ki, Trampın nümayəndəsi bu layihəyə imza atmayıb. Yəqin ki, səsvermə zamanı da əleyhinə səs verəcək. Halbuki həmin layihədə Ukraynanın ərazi bütövlüyü dəstəklənir, Rusiyanın Ukraynaya qoşun yeritməsi təcavüz aktı kimi qeyd edilir. Bəlkə bunlar həqiqət deyil, ya bəlkə BMT nizamnaməsinə zidd anlayışlardır? Qətiyyən yox!”
A.Quliyev bildirib ki, G-7 təşkilatı da fevralın 24-də Ukrayna ilə bağlı sənəd qəbul etməyə hazırlaşır. Ekspertin fikrincə, Tramp G-7-nin sənədində "Rusiya qoşunlarını Ukraynadan geri çəkməlidir" kimi fikirlərin yazılmasının qarşısını almağa çalışır:
“Bu yanaşma bütün dünya ölkələri üçün təhlükəlidir. Hələ Ermənistan Azərbaycanla sülh bağlamayıb. Silahlanır, müharibəyə hazırlaşır. Ermənistan təcavüzkardır. Fürsət düşən kimi Azərbaycana qisas hücumları edəcəyini hər birimiz bilirik. Buna görə də, Azərbaycan hər gün əvvəlkindən güclü olmalıdır. Heç kimə güvənməməli, beynəlxalq hüququn prinsiplərini heç kimdən çəkinmədən açıq müdafiə etməliyik”.